19.11.2015

Məktəbin 80 illik yubileyi qeyd edilib

 

        Noyabrın 18 – də Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəbin 80 illik yubileyi qeyd edilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Yeganə  Rəhimova, Suraxanı rayon Həmkarlar Təşkliatının sədri Arif  Xəlilov, məktəbin məzunları və digər qonaqlar iştirak ediblər.

       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

       Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Miriyev qonaqları salamlayaraq tədris ocağının tarixindən söz açıb. Bildirib ki, 65 №-li tam orta məktəbin təməli 1935 - ci ildə qoyulub. Sonralar məktəbin strukturu dəyişdirilib, yenilənib və zamanın tələbinə uyğun şəkildə genişlənib. Belə ki, 2005 - ci ildə məktəb üçün əlavə tədris korpusu tikilib istifadəyə verilib.

        Məktəbdə hal – hazırda 863 şagirdin təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur. Məktəbin şagirdləri regionda və paytaxtda təşkil olunan müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazanırlar.

        Direktorun çıxışından sonra məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən video - çarx nümayiş olunub.

        Tədbirdə çıxış edənlər tədris ocağının 80 ilik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edərək hazırda respublikamızda şagirdlərin təhsil almaları üçün dövlət tərəfindən hər bir şəraitin yaradıldığını bildiriblər.

        Sonda şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib.