23.11.2015

“Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbirlər keçirilib

       

        Bakı şəhəri  53 və 217 nömrəli tam orta məktəblərdə "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin təşəbbüsü ilə "Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maarifləndirilməsi və tibbi reabilitasiyası” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər  keçirilib.     

        Tədbirin məqsədi  “Sağlam Həyat Tərzi” adlı ictimai və kütləvi kompaniya apararaq siqaret, narkomaniya,  İİV-QİÇS və digər  yoluxucu xəstəliklərə qarşı  mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq,  yeniyetmə və gənclərin sağlam həyat tərzini formalaşdırmaqdır.  

       Belə ki, “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq” mövzusunda  təşkil olunan tədbirdə müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın insan  sağlamlığına, mənəviyyatına, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğu, “ağ ölüm”ün keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu vurğulanıb, bu xəstəlikərin yoluxma  yolları və təhlükəsizlik  qaydaları məktəblilərə izah edilib və şagirdlərin  sualları cavablandırılıb.

       Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs edərək yeniyetmə və gənclərin bu kimi pis vərdişlərdən yayınmasını  və ətrafda olan dostlarının da qorunmasını tövsiyə ediblər.

         Şagirdlərə xəstəliyin infeksiyasının diaqnostikası və virusun törətdiyi  acı fəsadlar haqqında  maarifləndirmə bukleti və foto plakatlar paylanıb.