24.11.2015

Şahmat üzrə Respublika Çempionatının final mərhələsi başa çatıb

 

        Bakı şəhəri 1, 2 və 3 nömrəli Uşaq-Gənclər Şahmat məktəblərinin  komandaları Qubada keçirilən şahmat üzrə Respublika çempionatının  final mərhələsində iştirak ediblər.

         7-17 yaşlı məktəbli oğlan və qızlar arasında təşkil edilən yarışa 154  zəka sahibi qatılıb.  Final mərhələsində paytaxt məktəbliləri ilə yanaşı, respublikanın 35 şəhər və rayonundan olan yetirmələr də mübarizə aparıblar.  9 turdan ibarət olan turnir  Beynəlxalq  Şahmat  Federasiyasının  qaydalarına  əsasən İsveç sistemi üzrə keçirilib.

            Yarışın nəticələrinə əsasən,  komanda  hesabında  Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbi I yerə,  1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər  Şahmat-Dama  Məktəbi  isə  III yerə  layiq görülüblər.

          Müxtəlif  yaş qrupları üzrə I yerə layiq görülən şahmatçılar - Suada Abbaszadə,  Ləman Hacıyeva, Aytac Heydərova, İsmayıl Süleymanlı, Vüqar  Manafov  2016-cı ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar.

         II yerin qalibi  Səid Rəfili   isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəkdir.