25.11.2015

Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq

 

         Noyabrın 25-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün mediatur keçirilib.

        Mediatur zamanı KİV nümayəndələrinə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

        Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək.Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabilyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.

         Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.