30.11.2015

Akademik Əjdər Ağayevlə görüş keçirilib

 

      Bakı şəhəri 95 nömrəli tam orta məktəb və Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin  birgə təşkilatçılığı ilə noyabrın 25-də məktəblilərin   pedaqoq-alim, tədqiqatçı və müəllim kimi tanınan  şair  Əjdər Ağayevlə görüşü təşkil edilmişdir.

    Tədbirin keçirilməsində məqsəd  Azərbaycanın görkəmli şair və yazıçılarını,  onların əsərlərini  şagirdlərə tanıtmaq, sevdirmək,   şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək  və onlarda mütaliə mədəniyyətini formalaşdırmaqdır.     

      Məktəblilərin iştirakı ilə  nümayiş olunan ədəbi-bədii kompozisiyada akademik  Əjdər Ağayevin şeirləri səsləndirilmiş, şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunmuşdur.

  Əjdər Ağayevin uşaqlar üçün bir çox hekayələrin, müxtəlif məzmunlu şeirlərin müəllifi olduğu, 100-dən çox şeirinə mahnı bəstələndiyi, bunların da bir hissəsinin  uşaq mahnıları olduğu vurğulanmışdır.

      Tədbirdə şagirdlər tərəfindən  "Pişik balasının səhvi" pyesi əsasında hazırlanmış tamaşa da nümayiş etdirilmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

      Akademik  Əjdər Ağayev çıxışında  şagirdlərin hazırladıqları  ədəbi-bədii kompozisiyanı yüksək qiymətləndirmiş, uşaqlara həsr etdiyi yaradıcılıq nümunələrindən danışmışdır.

      Sonda Əjdər müəllim tədbir iştirakçılarına tövsiyələrini bildirmiş və şagirdləri maraqlandıran  suallara cavab vermişdir.