04.12.2015

Milli Qəhrəman Nadir Əliyevə həsr olunmuş "Vətən sevgisi" adlı sənədli filmin təqdimatı keçirilib

     

       Milli Qəhrəman Nadir Alış oğlu Əliyevə həsr olunmuş "Vətən sevgisi" adlı sənədli filmin təqdimatı  qəhrəmanın adını daşıyan Bakı şəhəri 282 nömrəli tam orta  məktəbdə keçirilib. Tədbirdə  Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,  Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, valideyn, müəllim və şagirdlər   iştirak ediblər.

      Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında istehsal olunan filmin rejissoru və ssenari müəllifi məktəbin məzunu Günel Aqif, operatoru isə Yusif Səfiyevdir. Ekran əsərinin çəkilişləri Ağdam rayonu və Bakı şəhərində aparılıb.

     Filmin nümayişindən sonra qonaqların   film və milli qəhrəman barədə çıxışları dinlənilib. Qeyd olunub  ki, 1962 - ci ilin 30 iyulunda Ağdamın Əliağalı kəndində anadan olan  Nadir  Əliyev  müstəqilliyimizin ilk illərində Milli Təhlükəsizlik  Nazirliyinin əməkdaşı kimi çalışıb. 1993 - cü ilin yanvar ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon bölməsində baş əməliyyat müvəkkili təyin olunduqdan sonra Ağdərə uğrunda döyüşlərin qızğın vaxtında rəhbərliyə müraciət edərək, MTN xüsusi təyinatlı dəstəsi tərkibində Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə rəşadət göstərib, bir neçə dəfə düşmən tərəfə keçərək lazımi kəşfiyyat məlumatları ilə geri qayıdıb. 1993 - cü ilin 22 iyulunda Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən ağır döyüşdə Nadir Əliyev ermənilərə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub. “Mən ölərəm, Ağdamsızlığa dözə bilmərəm” deyən Milli Qəhrəmanımız son damla qanına kimi düşmənə  təslim olmayıb.                  

       Tədbirdə qəhrəmanın oğlu  Şəhriyar Əliyev, qardaşı Aftandil Əliyev və döyüş yoldaşları  Nadir Əliyevlə  bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən danışıb, döyüşlərdəki igidliyindən söz açıblar. 

     Sonda məktəbin direktoru çıxış edərək  belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir   məktəbin şagirdlərinin ifasında ədəbi - bədii kompozisiya ilə başa çatıb.