08.12.2015

“Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı mərhələsi başa çatıb

 

     “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək  və məktəblilərin ekoloji  maarifləndirilməsini genişləndirmək  məqsədilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə keçirilən  “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının şəhər  mərhələsi başa çatıb.

     Bakı şəhərinin 12 rayonu üzrə keçirilən breyn-rinq yarışında  230 ümumtəhsil məktəbi  iştirak edib. Beş nəfərdən ibarət komanda  tərkibində  təhsil müəssisələrində  və şəhər üzrə keçirilən  yarışmalarda  ümumilikdə 5 minə  yaxın məktəbli  qatılıb. Bu işə təhsil müəssisələrindən 500-ə yaxın  pedaqoji işçi-tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi Təşkilatı  rəhbərləri, metodistlər, ixtisas müəllimləri və  cəlb olunub.

    Rayonlar üzrə  keçirilən  yarışlarda  komandalara təqdim olunan   suallar  ümumtəhsil məktəblərinin  təbiət fənlərinin və  məktəbdənkənar   təhsil müəssisələrinin  ekoloji  dərnəklərinin  tədris proqramlarına   daxil olan ekoloji  mövzuları əhatə edib.

     İştirakçı komandalar   yarışmalar zamanı  ekoloji sahədə biliklərini nümayiş etdirib və digər belə yarışmalar üçün təcrübə əldə ediblər.

    Bilik yaraşının  növbəti mərhələsi Bakı şəhər  zona turu olacaq. Zona turunda Zəngilan və Şuşa rayonlarından da  bir komanda olmaqla  ümumilikdə  14 komanda iştirak edəcək. Zona turunun  ən yaxşı  üç qalib   komandası  isə Respublika  turunda iştirak etmək  hüququ qazanacaq.