08.12.2015

Bakı şəhər məktəblilərinin Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları davam edir

         

       Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna2015-ci ilin oktyabr-dekabr aylarına  planlaşdırılan  ekskursiyaları davam edir.

       Oktyabr ayının 26-dan dekabrın 7-dək Heydər Əliyev Mərkəzi və  “İçərişəhər” Dövlət Tarix-Memarlıq   Qoruğunu  20 məktəbin şagirdləri ziyarət etmişdir.

      Azərbaycan tarixinin və Ümummilli liderin həyat və  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən Heydər Əliyev Mərkəzində  müəllim və şagirdlər maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.

        İçərişəhərəekskursiyalar zamanı şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilmiş və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olmuşlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin ilkin təyinatı, memarlıq üslubu izah olunmuşdur. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olmuşdur.

       Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir. Məktəblilər tərəfindən böyük maraqla qarşılanan ekskursiyalar zamanı şagirdlər xüsusi fəallıq göstərir, daha çevik və yaradıcı təfəkkür nümayiş etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

        Ekskursiyalarda, həmçinin milli-mənəvi  və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.