08.12.2015

Milli Qəhrəman Səxavət Məhərrəmovun xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib

 

      Milli Qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmovun adını daşıyan Bakı şəhəri 106 nömrəli tam orta məktəbdə   qəhrəmanın  xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.  Tədbir  öncəsi məktəbin  bir  qrup  şagird və pedaqoji kollektivi Şəhidlər Xiyabanına gedərək Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Eyni zamanda   şagirdlər  məktəbin  foyesində  qəhrəmanın büstü  önünə çiçəklər düzmüşlər.

     Tədbirdə Səxavət  Məhərrəmovun  ailə  üzvləri, sinif  yoldaşları  xatirələri ilə paylaşmış,  şagirdlər vətənpərvərlik ruhunda  şeirlər,  mahnılar  ifa  etmişlər. Şagirdlərin ifasında müəllifi  Qənirə  Paşayeva olan “Şəhidim” adlı şerin səhnələşdirilmiş variantı  tamaşaçılar  tərəfindən  maraqla  qarşılanıb.

    Tədbirdə qeyd olunub ki, Səxavət Ələmdar oğlu Məhərrəmov  1990-cı ildə 106 nömrəli tam orta məktəbi  bitirib. 1991 - ci ilin noyabrında könüllü olaraq milli ordu sıralarına daxil olub, döyüş bölgələrində sücaətlə vuruşub. 1992 - ci il iyunun 27 - də Ağdərənin Möhrətağ kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və həmin ilin noyabr ayında Milli Qəhrəman adına layiq görülüb.

     Sonda məktəbin direktoru çıxış edərək  belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.