18.12.2015

Təhsil müəssisələrində general Cəmşid Naxçıvanskinin 160 illik yubileyi qeyd olunub

 

   Bakı şəhər ümumtəhsil  məktəbləri və  məktəbdənkənar təhsil  müəssisələrində  general  Cəmşid Naxçıvanskinin  160 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

      Belə ki, görkəmli sərkərdə  Cəmşid Naxçıvanskinin  həyat və fəaliyyəti ilə bağlı  ədəbi-bədii gecə və “dəyirmi masa”lar, konfranslar  keçirilib, Cəmşid Naxçıvanski adına hərbi liseyə məktəblilərin ekskursiyası təşkil olunub, generalın həyat və fəaliyyəti barədə  sərgi, guşə  və fotostendlər   hazırlanıb.

    Tədbirlərdə   Cəmşid Naxçıvanskinin diviziya komandiri və pedaqoq kimi müxtəlif illərdə dərc etdirdiyi məqalələrindən parçalar  oxunub, “Əsrin qəhrəmanlığı” və “Sərkərdə” adlı sənədli filmlərdən fraqmentlər  nümayiş etdirilib. 

      Təşkil olunan  konfranslarda “General-mayor Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti (1895-1917-ci illər)”, “Ümummilli lider Heydər Əliyev və Cəmşid Naxçıvanski”, “Cəmşid Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti və erməni daşnaklarına qarşı mübarizəsi”, “Cəmşid Naxçıvanskinin sovet hakimiyyəti illərində ordu quruculuğu və hərbi kadrların hazırlanması sahəsində fəaliyyəti” mövzularında məruzələr edilib.

      Cəmşid Naxçıvanski adına Hərbi liseyin  nəzdində yaradılmış muzey və “Azərbaycan Hərb Tarixi Muzeyi”ndə təşkil olunan tədbirlərdə  məktəblilərin  iştirakı təmin olunub.

    Yaradılan guşə, sərgi və  fotostendlərdə Cəmşid Naxçıvanskinin  həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, portretlər, onun hərb sənəti sahəsində işləyib hazırladığı sənədlər, yazdığı məqalələr, təltif olunduğu orden və medalların şəkilləri, istedadlı  hərb xadiminin  döyüş yoluna  həsr olunmuş  kitablar, qəzet  və  jurnal materialları  nümayiş etdirilib.

      Şagirdlər hazırladıqları ədəbi-bədii gecələrdə vətənpərvərlik mövzusunda  şeirlər, mahnılar  ifa ediblər.

     Görkəmli sərkərdənin 160 illik yubileyi ilə bağlı  ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə  hərbi yürüşlər keçirilib, gənclərin çağırışaqədərki hazırlıq dərslərində yarışlar təşkil edilib.