15.12.2015

287 nömrəli “Zəkalar liseyi”ni uğura aparan yol

 

 

       Qeyd etdiyimiz kimi, Bakı məktəbləri arasında bir müddətdir ki uğurlu nəticə qazanmış məktəblərin mövcud təcrübələri ilə tanış olmaq, bu təcrübələrin təbliğ və tətbiq olunması istiqamətində işlər həyata keçirmək məqsədini daşıyan “Açıq qapı” layihəsinə başlanılıb. Layihə cari ayın 22-dək  davam edəcək. Layihə çərçivəsində  paytaxtın öndə gedən ümumtəhsil müəssisələri müxtəlif sessiyalar üzrə təcrübələri ilə bölüşürlər.  Bakının Xətai rayonu üzrə layihə 287 nömrəli  “Zəkalar” liseyində təşkil olunub.  Bu barədə daha geniş məlumat almaq üçün 287 nömrəli liseyin direktoru, Əməkdar müəllim, biologiya üzrə  fəlsəfə  doktoru Aygün Əhmədli müsahibimiz oldu.

 

       Aygün xanım, “Zəkalar liseyi” paytaxt məktəbləri arasında uğurları ilə sayılıb seçilən müəssisələrdəndir. Xətai rayonu üzrə siz reyting cədvəlində birincisiz. Ona görə də layihə sizin müəssisənizdə təşkil olunub. Qazandığınız nailiyyətlərin sayı durmadan artır. Bircə onu qeyd edək ki, liseyiniz “Ən yaxşı ümumtəhsil məktəbi”  müsabiqəsinin iki dəfə qalibi  olub. Müəssisəniz barədə bizə qısa məlumat verərdiniz.

 

       -Liseyimiz 1992 - ci ildə yaradılıb. Liseyin yardılmasında  məqsəd istedadlı şagirdləri aşkar edib, onların hərtərəfli inkişafını təmin etmək, onları layiqli  vətəndaş kimi  formalaşdırmaq olub.  Lisey  fəaliyyətə  ölkəmizin  intellektual  potensialını  artırmaq, xüsusi  qabiliyyəti və istedadı  olan uşaqlardan  gələcək zəkalar  yetişdirmək  məramı ilə  başlamışdır. Liseydə  yalnız  Azərbaycan   bölməsi   fəaliyyət  göstərir. Doğru qeyd etdiniz, Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında” Sərəncamı  qüvvəyə  minən  gündən  liseyimiz  2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi”  müsabiqəsinin  qalibi  olub. Müəllimlərimizdən 6 nəfəri “ Ən yaxşı müəllim”, 3 nəfər Əməkdar müəllim və 2 nəfər isə fəlsəfə doktoru adına layıq görülüb. Son 3 ildə ali məktəbə daxil olan və yüksək bal toplayan şagirdlərimiz arasında 14 nəfər abituriyent 600 - dən yuxarı,  3 nəfər isə 700 bal toplayıb. 19 nəfər Prezident Təqaüdçümüz var. Keyfiyyətli  təhsilin  nəticəsidir ki, liseyin 4 məzunu  “Qızıl medal” la  təltif olunub.

 

       Şagirdlərinizin uğurları sözsüz ki, liseyin nailiyyəti, sizin əməyinizin nəticəsidir. Belə uğurlar əldə etmək üçün şagirdlərlə düzgün istiqamətdə iş qurmaq vacibdir.  “Açıq qapı” günündən aydın oldu ki, liseyiniz şagird nailiyyətlərinin izlənilməsi  strategiyasına malikdir. Bu təcrübənizlə bizimlə də bölüşərdiniz.

 

       -Bəli, biz bu sahadə əhatəli işlər görürük. Ümumiyyətlə məktəb fəalliyyətini dəyərləndirərkən 3 məqsədi rəhbər tutmaq lazımdır: məlumatların toplanması və təhlil edilməsi vasitəsi ilə problemlərin müəyyənləşdirilməsi, məktəb fəaliyyətinin qiymətləndirilməsi, yenilik və dəyişikliklər üçün müvafiq təkliflərin verilməsi. Şagird  nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini  onların bilik, bacarıq və dəyərlərin  mənimsəməsi səviyyəsini göstərən 5 fəaliyyət növünə ayırmaq olar: yazılı testlər; şifahi cavablar; ev və müstəqil sinif yoxlama tapşırıqları, o cümlədən laboratoriya tapşırıqları; yaradıcı tapşırıqlar; oyun xarakterli fəaliyyət (viktorina, krossvord həlli və s.). Məlumdur ki, fəaliyyət növlərinin hər birinin qiymətləndirilməsinin öz xüsusiyyəti var. Bu da onlara məxsus meyarların müxtəlifliyindən asılıdır. Şagird nailiyyətinin izlənilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir.  Şagirdlərə tapşırıqlar vermək və meyarlara uyğun qiymətləndirməklə iş əlbəttə ki, yekunlaşmır. Əsas iş bundan sonra başlamalıdır, yəni testlərin cavabları üzərində  təhlil işi aparılmalıdır. Biz liseydə bu təhlilləri aparırıq. Bu təhlil nəticəsində tapşırıqlar daha da təkmilləşir, vahidlik təmin olunur, şagirdlərin müvəfəqiyyətsizliyinin səbəbi aydınlaşır, geriliyi aradan qaldırmaq yolları araşdırılır, irəliləyişlərin dinamikası izlənilir, dəyərləndirilir.

 

        Məlumdur ki, təhsil nailiyyətlərinin arxasında peşəkar pedaqoji kollektiv durur. Lakin müəllim nə qədər bilikli olsa da, müasir tələblərə cavab verə bilməsi üçün daima öyrənməli, öz üzərində işləməlidir.  Bəs müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı liseydə hansı işlər görülür?

 

       -Sirr deyil ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasında müəllim əsas rol oynayır. Müəllim yüksək biliyə,  tədris təcrübəsi və peşəkarlıq səviyyəsinə malik olmalıdır. Biz də öz növbəmizdə  “müəllim amilini”inkişaf etdirmək üçün  onların müxtəlif məzmunlu təlimlərdə iştirak etmələrinə  şərait yaradırıq. Müəllim - təlimçilərimiz  məktəbdaxilində fəaliyyət və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə liseydə bir sıra tədbirlər keçirir. Məsələn, fənn müəllimləri üçün “Tənqidi təfəkkürün əsasları” adlı təlimi keçirtməkdə məqsəd məktəblərdə tədris imkanları və formlarını müzakirə etmək, müəllimlərin interaktiv təlim metodları ilə işləmək bacarıqlarını inkişaf etdirmək , “Fəal təlim üsulları”təlimində isə kurrikulum islahatının hələ əhatə etmədiyi orta və tam orta məktəb səviyyəsində işləyən müəllimlərə interaktiv dərs üsullarını təqdim etmək, həmkara dəstək ideyasını təbliğ etmək olub. Bunlardan başqa “Demokratiya müzakirələri” , ”Ünsiyyət vərdişləri” , “Təhsildə sosial ədalət”, “Strateji planlaşdırma” treninqləri, sorğu, şagirdlər  üçün diskussiyalar və s. təşkil edilir. Bunların nəticəsində öyrəndiklərini öyrətməyi bacaran, öz üzərində çalışan, peşəkar inkişafda olan müəllimin təfəkkür tərzi dəyişir və peşə ilə əlaqədar müəyyən davranış modelləri formalaşır. Müəllim öz təcrübəsinə tənqidi münasibət bəsləməyə, işinə və şəxsi inkişafına məsuliyyətlə yanaşmağa başlayır, özünü bir müəllim kimi kəşf edir və bununla bağlı şəxsi və peşə keyfiyyətlərini inkişaf etdirir,  şagirdlərə qarşı məsuliyyət hissini artırır,  başqalarını peşəkarlığa həvəsləndirir və bir müəllim-tədqiqatçı kimi formalaşır.

 

       Siz təcrübənizi bölüşdünüz. Liseyinizə gələn digər direktor və müəllimlər əminik ki, sizdən çox şeyi öyrəndi. Bəs  “Açıq qapı” layihəsi sizə nə qazandırdı?  Gələcək fəaliyyətinizə bunun bir təsiri olacaqmı?

 

       -Düşünürəm ki, layihənin həyata keçirilməsi özü – özlüyündə böyük uğurdur.  Layihəni çox bəyəndim, olduqca faydalıdır. Müəssisələr aktiv şəkildə təcrübə mübadiləsinə qoşuldu. Biz  də öz növbəmizdə özümüzü təqdim etmək imkanı qazandıq. Bütün fəaliyyətimizi bir də gözdən keçirdik. Məsuliyyət hissimiz daha da artdı. Doğru və yalnışlarımızı görərək gələcək fəaliyyətimizi daha düzgün istiqamətləndirə biləcəyik.  Əminəm ki, məktəblər bundan sonra daha fəal olacaq. Çünki “Açıq qapı” layihəsi kimin nəyə qadir olduğunu, hər bir məktəbin rayon, şəhər, hətta respublika səviyyəsində yerini, bacarığını ona nümayiş etdirdi.