16.12.2015

Səməd bəy Mehmandarov və müasir gənclik

 

       Bakı şəhəri  246  nömrəli tam orta məktəbdə  “Səməd bəy Mehmandarov  və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsinin baş zabiti, tədqiqatçı Şəmistan Nəzirli, şair-dramaturq Zaməddin Ziyadoğlu, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı İsmayıl Məmmədov  iştirak ediblər.

        “Tənha ruh” filmindən fraqmentlə başlayan tədbirdə generalın həyat və döyüş yolundan danışılıb, slaydlar izlənilib. Generalın Həzi Aslanovla uşaqlıq və hərbi xidmət dövlərindəki dialoqunun şagirdlər tərəfindən canlandırılması  tədbir iştirakçılarının marağına səbəb olub.

        Tədbirdə natiqlər görkəmli sərkərdənin həyatı və mənalı ömür yolu, şərəfli hərbi xidmətlərindən və hərbi fəaliyyətındən danışıblar.

     “Həqiqi vətənpərvərlik vətənə məhəbbətdən başlayır” sözləriylə çıxışına başlayan tədbirin qonağı şair-dramaturq Zaməddin Ziyadoğlu vətənpərvərlik hissinin ən ülvi duyğu olduğunu qeyd edib. Özünün qələmə aldığı “Kim güclüdü dünyada” şeirini söyləyən şair ağıllı insanın güclü oldugunu vurğulayaraq  şagirdlərə ağıllı, aqil olmağı tövsiyyə edib.

       Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi "İgid əsgər", "Vətən əmanəti",  "Can Azərbaycan", "Cənab Leytenant" mahnıları tədbir iştirakçılarında əsl vətənpərvərlik ruhu yaradıb.

     Sonda məktəbin direktoru Almaz Bayramova  generalın gənclərə örnək olacaq mənalı ömür yolundan bəhs edib, şagirdlərə bu mövzuda maraqlı və lazımlı məlumat verdikləri üçün qonaqlara  xüsusi  təşəkkürünü bildirib.