17.12.2015

“Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi ” mövzusunda uşaq və yeniyetmələrin iştirakı ilə tədbir keçirilib

 

        Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda  tədbir keçirilib. Qeyd edək ki, tədbir bu mövzuda təşkil ediləcək  beynəlxalq konfransa hazırlıq məqsədi daşıyır.

       Tədbirdə Bakı şəhər ümumtəhsil məktəblərindən Komitə tərəfindən uşaq hüquqlarının  müdafiəsi  istiqamətində təşkil edilmiş tədbir və təlimlərdə öz fəallığı ilə fərqlənmiş 35 məktəbli iştirak edib.

        Təşkilatçılar  uşaqların iştirakı ilə müzakirə olunan erkən nikah məsələsinin aktuallığını qeyd ediblər. Daha sonra uşaqlarla “Erkən nikahların əsas səbəblərinin təhlili”,  “Erkən nikahların qarşısı necə alına bilər”, “Kimin hansı rolu var?” mövzularında qrup işləri aparılıb. Şagirdlər  mövzuları qruplar üzrə işləyib öz fikir, təklif və tövsiyələrini bildiriblər.

       Tədbir zamanı həmçinin, Komitə və UNICEF-in birgə apardığı onlayn sorğunun nəticələri barədə təqdimat da edilib.