17.12.2015

“Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqəsinə yekun vurulub

 

     Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Dövlət Müvəkkili-Ombudsman Aparatında “Uşaq Hüquqları aylığı”na yekun vurulub.  Bu münasibətlə “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivindən” mövzusunda konfrans keçirilib.

   Təhsil işçilərinin, məktəblilərin, valideynlərin iştirakı ilə keçirilən konfransda  insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi sahəsində Müvəkkilin səmərəli fəaliyyəti qeyd olunub.

    Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşünün zənginləşməsində, ən başlıcası isə öz hüquqlarını mükəmməl öyrənməsində Ombudsman Aparatı tərəfindən   təşkil edilən  tədbirlər çıxış edənlər tərəfindən  yüksək qiymətləndirilib.

      Konfransda  Ombudsman  Aparatının  “Uşaq hüquqları” aylığı  çərçivəsində  elan etdiyi məktəblilər  arasında “Mən və hüquqlarım” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin təltifi də yer alıb. Müsabiqəyə təqdim edilmiş 350-dən artıq rəsm  işlərinin içərisində Bakı məktəblərinin rəsmləri xüsusilə fərqlənib.

    Bakı şəhəri 49, 125, 257, 284  nömrəli məktəblərin şagirdləri Aydan Həsənzadə və Vahid Məmmədəzadə I, Fəridə Tarverdiyeva II, Gülarə Salmanova III, Yeniyetmələrin 23 nömrəli  Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Kamal Qələndərov II, Bəsti Hüseynova isə  III yerlərə layiq görülərək  pul mükafatları və sertifikatlarla təltif olunublar.

    Müsabiqə  iştirakçıları olan   10 məktəbli-Bakı  şəhəri 119, 183, 204, 275 nömrəli məktəblərin şagirdləri Sahibə Hacıyeva, Aytən Əskərova, Zəhra Abdullayeva və Araz  İmaməliyev, Zakir Xeyrullayev, 26, 42, 46 nömrəli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri  Dinarə Gülüşova, Fidan Zərbəliyeva və Zöhrə Quliyeva isə  həvəsləndirici yerlərə layiq görülərək  sertifikatlar alıblar.

       Gənc rəssamlarımızı təbrik edir və onlara uğurlar arzulayırıq.