03.02.2016

Müsabiqə qalibləri mükafatlandırıldı

 

2 fevral 2016 – cı il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Azərbaycan Respublikasının Konstitusiyası – 20 il”, “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzularında keçirilən inşa yazı və rəsm müsabiqələrinin, eləcə də “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva, idarənin əməkdaşları, müsabiqədə qalib gələn şagirdlər, onların valideynləri və rəhbərləri, o cümlədən münsiflər heyətinin üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BŞTİ – nin müdiri Məhəbbət xanım Vəliyeva müsabiqə qaliblərini təbrik edərək onlara həm ölkə daxilində keçirilən müxtəlif yarışlarda, həm də beynəlxalq miqyaslı yarışlarda bundan da böyük uğurlar qazanmağı arzulayıb. Məhəbbət Vəliyeva şagirdləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə də təbrik edib, onlara can sağlığı arzulayaraq bu yaşlarında qazaqndıqları hər kiçik qələbənin gələcək həyatlarında böyük rolu olacağına və onlar arasından ölkəmizdə dövlətçiliyimizin qorunub saxlanılmasının inkişafına xidmət edən şəxsiyyətlərin formalaşacağına əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən idarənin Məktəbdənkənar Təhsil sektorunun müdiri Afiq Əzizov hər üç müsabiqə barədə geniş məlumat verib. Qeyd edək ki, müsabiqələrə şəhər məktəblərinin VIII - XI sinif şagirdləri cəlb olunub.          

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışında  230 məktəb-şəhər məktəblərinin 73 faizi, inşa yazı müsabiqələrində 243 məktəb-şəhər məktəblərinin 77 faizi, rəsm müsabiqəsində isə 161 məktəb – şəhər məktəblərinin 53 faizi iştirak edib. Müsabiqələrə ümumilikdə 6891-ə yaxın şagird, 634 müəllim cəlb olunub.

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının Bakı zona turunda 13 komanda iştirak edib. Bakı şəhəri 49 nömrəli məktəb-liseyin “Xəzər”, 186 nömrəli tam orta məktəbin “Zəfər”,  274 nömrəli tam orta məktəbin “Qartal” komandaları  qalib gələrək respublika mərhələsində də müvəffəqiyyətlə çıxış edib. Belə ki, respublika mərhələsində 186 nömrəli məktəbin komandası II, 49 və 274 nömrəli məktəblərin komandaları isə III yerə layiq görülüblər.

 “Azərbaycan Respublikasının Konstitusiyası - 20 il” inşa yazı  müsabiqəsində yaş dərəcələrinə görə biri rus bölməsi olmaqla 4 nəfər I yer, rəsm müsabiqəsində 3 nəfər I, II, III yerlər, “Hüquqlarımızı tanıyaq və  qoruyaq” inşa yazı müsabiqəsində 2 nəfər I yer, 2 nəfər II yer, biri rus bölməsi olmaqla 2 nəfər III yerin qalibi olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.