05.02.2016

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi ilə bağlı tədbir keçirildi

 

Fevralın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Legacy CSR Consulting and Management LLC” şirkətinin birgə təşkilatçılığı ilə “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinə həsr olunmuş tədbir keçirildi. Qeyd edək ki, bu, adıçəkilən layihənin üçüncü mərhələsidir və bu il də, keçən il olduğu kimi Bakının Binəqədi, Suraxanı, Xətai və Qaradağ  rayonlarını əhatə edəcək. Əsas məqsədi aztəminatlı ailələrdən potensiallı gənclərin seçilib ali məktəblərə qəbul olmasına və həmin gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək olan layihədə şagirdlərin maraqlı, təcrübəli və uğurlu insanlarla görüşləri təşkil olunur, onlarda elmə rəğbət, yaradıcı təfəkkür, insanlığa və ətrafa qarşı sevgi və ədalət kimi dəyərlərin formalaşmasına çalışılır.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova layihənin mahiyyəti haqqında məlumat verdi. Daha sonra layihə rəhbəri Bəhruz Hidayətzadə çıxış edərək layihənin gələcək inkişaf perspektivləri haqqında danışdı, layihənin birinci və ikinci mərhələlərinin yekunları barədə geniş məruzə etdi. Layihənin 3 əsas meyar: ailənin sosial vəziyyəti, oxuma həvəsi,  bilik və potensial əsasında həyata keçirildiyini deyən layihə rəhbəri bu il hədəflərində 170 məktəbin olduğunu və 6 ay davam edəcək seçim sonunda layihəyə 85 şagirdin cəlb olunacağını bildirdi.

Layihə icraçılarından olan İlqar Ağakişiyevin layihənin gedişatı, seçimlərin aparılma qaydaları barədə çıxışından sonra isə məktəb direktorları fikirlərini bölüşdülər.