22.02.2016

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən 2015-2016-cı dərs ilində VIII-XI sinif şagirdlərinin iştirakı ilə  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.

Qeyd edək ki, fevralın 21-də 258 nömrəli tam orta məktəbdə və Məktəb Lisey Kompleksində “Ədəbiyyat biliciləri” müsabiqəsinin Bakı şəhəri üzrə şəhər mərhələsi keçirilib. Yazılı keçən müsabiqədə 116 məktəb üzrə 202 şagird iştirak edib.

Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərə onların oxuduqları sinif fərqi nəzərə alınmaqla, Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu real yerin hansı səviyyədə dərk olunmasına yönəlmiş, habelə həmin əsərlər və onlarda əks etdirilmiş surətlər barədə müstəqil fikirlərinin öyrənilməsini əhatə edən 2 variant üzrə 12 açıq sual verilib.

Nəzərinizə çatdıraq ki, müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq, şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.


Açar sözlər: ,  ,