03.03.2016

Bakı  şəhər məktəbliləri  arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”  keçirilir

Bakı şəhər məktəblilərinin  fizika  fənninə  olan marağının  daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin  yüksəldilməsi və istedadlı  şagirdlərin aşkara çıxarılması məqsədilə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”   keçirilir.    

Müsabiqədə Bakı şəhərinin  ümumtəhsil  məktəblərinin və məktəbdənkənar   təhsil müəssisələrinin   VIII-X sinif  şagirdləri  iştirak edirlər.

Müsabiqənin  təhsil müəssisələrində keçirilən birinci mərhələsi artıq başa çatmışdır. Hazırda Bakı şəhərinin rayonları  üzrə II mərhələ  keçirilməkdədir.

Müsabiqənin əsasnaməsinə əsasən  tərkibi  3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun  olaraq fizika fənni üzrə 30 sualdan  ibarət  testi, 5 məsələni  və  1 praktiki işi yerinə  yetirirlər. Qaliblər  ekspert qrupu tərəfindən 5 bal sistemi  ilə müəyyənləşdirilir,  çox bal toplayan   komanda qalib hesab olunur.

Məlumat üçün qeyd edək ki, artıq Binəqədi, Nizami, Xətai, Yasamal, Nəsimi və  Nərimanov rayonları  üzrə rayon mərhələsi  keçirilmiş, qalib komandalar müəyyənləşdirilmişdir.

Qeyd edək ki, müsabiqənin  Bakı şəhərinin rayonları üzrə II  mərhələsi  5 mart 2016-cı il tarixində başa çatacaqdır.

Müsabiqənin Bakı şəhəri üzrə  final mərhələsində hər rayondan iki I və II yerləri tutmuş komandalar  olmaqla  ümumilikdə  24 komanda iştirak edəcək  və ilk 3 yeri tutmuş  komandalar  qalib hesab olunacaqlar.

      


Açar sözlər: ,