04.03.2016

Əlaçılar üçün film seansları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, təhsildə fərqlənən şagirdləri stimullaşdırmaq, Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq və yeniyetmələr arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq məqsədi ilə 2013-cü ildən başlayan əməkdaşlıq davam edir.

Belə ki, 2015-2016-cı tədris ilində də əməkdaşlıq uğurla davam etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumtəhsil məktəblərinin I və II yarımil üzrə əlaçılarına “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark”, “Parkbulvar”, “Flame towers” və Zaqulbada yerləşən kinoteatrlarında film və animasiyaları təmənnasız izləmə şəraiti yaradılmışdır.

Hazırda Nərimanov, Xəzər və Nəsimi rayonlarındakı ümumtəhsil məktəbləri üçün  davam edən seanslar uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Şagirdlərin marağını nəzərə alaraq film seanslarının silsilə halına gətirilmişdir.

Qeyd edək ki, həftənin 5 günü 2 seans olaraq həyata keçirilən film seanslarında 2015-2016-cı tədris ili üzrə  76913 nəfər əlaçı şagird iştirak etmişdir.