10.03.2016

Nardaranda “Olimpiya Hərəkatı” proqramı çərçivəsində idman tədbiri

Sabunçu rayonu Nardaran qəsəbəsi 130 nömrəli ümumi təhsil məktəbində “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində idman tədbiri keçirilib.

Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), həmçinin Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyilə həyata keçirilən tədbirin məqsədi “Olimpiya Hərəkatı” çərçivəsində Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanmış məktəbli idmançılara dəstək olmaq, həmçinin şagirdləri müxtəlif idman növləri vasitəsilə sağlam və fəal həyat tərzinə həvəsləndirməkdən ibarətdir.

Tədbirdə layihənin tərəfdaşları olan Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, “Olimpiya Hərəkatı” proqramı və məktəblilərin sağlamlıqlarının qorunmasında idmanın əhəmiyyəti barədə danışıb.

İdman tədbirində 130 və 295 nömrəli orta məktəblərin şagirdləri basketbol (3x3), futbol və atletika idman növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə tədbirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.

Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı çərçivəsində paytaxtdakı 400-ə yaxın ümumi təhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol (3x3) və velosiped idman növləri üzrə yarışlara cəlb olunub. Bu idman növləri üzrə məktəbdaxili və rayon yarışları başa çatıb.

Yarışlara “Bakı 2015” Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final qarşılaşması və idman festivalı ilə yekun vurulacaq.