15.03.2016

“Azərbaycan folkloru” xalq yaradıcılığı festivalı qaliblərinin  yekun konserti keçirildi

Mədəni irsimizə doğma münasibət prioritet sahə kimi Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planında öz əksini tapmışdır. Məhz bu səbəbdəndir ki, məktəbliləri bu sahə ilə yaxından tanış etmək, onları Azərbaycan folkloruna, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə etmək, xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq və onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək vermək məqsədilə idarə rəhbərliyinin 25 noyabr 2015-ci il tarixli 289 nömrəli əmrinə əsasən şəhərin ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri arasında “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalı keçirilmişdir.

Festival xalq yaradıcılığının müxtəlif janrlarını - şeir, mahnı, muğam ifaçılığı,  rəqs, musiqi alətində ifa, səhnəcik - xalq oyunları nominasiyalarını əhatə etmişdir.

Festivalın birinci mərhələsində - rayon yarışmasında şəhərin demək olar ki, bütün təhsil müəssisələri iştirak etmişdir.

Festivalın ikinci mərhələsində - şəhər yarışmasında ümumilikdə 157 musiqi nömrəsinə  baxış keçirilmişdir.

Festivalın I  və  II mərhələsinin keçirilməsi ilə əlaqədar təşkilat komitələri yaradılmış,  sənətçilərdən ibarət münsiflər heyəti qalibləri və  yekun  konserti üçün  musiqi nömrələrini müəyyənləşdirmişlər.

Bu gün Bakı şəhəri Nəsimi rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə Bakı  məktəbliləri  arasında keçirilmiş “Azərbaycan folkloru” xalq  yaradıcılığı festivalı qaliblərinin yekun konserti keçirildi. Əvvəlcə qonaqlar foyedə məktəblilərin əl işlərindən  ibarət sərgiyə tamaşa etdilər.

Yekun konserti “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalına həsr olunmuş videoçarxın  nümayişi ilə başladı. Daha sonra  milli atributlarımızla bəzədilmiş səhnəyə  bir-birinin ardınca çıxan “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalının qalibləri - Bakı şəhəri 25 №-li Uşaq

Yaradıcılıq Mərkəzinin  “Nağaraçalanlar” ansamblı və “Zirvə” rəqs qrupu, 26 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri, 183 №-li  məktəbin xor kollektivi, 24 №-li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Mehriban” rəqs qrupu, 116 №-li  məktəbin  sazçalanlar ansamblı,  273  nömrəli  məktəbin “Halay” folklor  ansamblı, 12 №-li məktəbin II sinif  şagirdi İbrahim Əhmədov,  211 №-li  məktəbin  XI sinif  şagirdi Zəhra Qəhrəmanova, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Dram” dərnəyinin  üzvü  Murad  İbrahimli,  56 №-li məktəbin VIII sinif  şagirdi Rəvan İsmayılov, 202 №-li məktəbin şagirdi Sənubər Əliyeva, 3, 244 və 284 №-li məktəbin şagirdləri Abasəli Ələsgərli, Aydan İlxaszadə və Nicat Qəniyev, 21 və 26 №-li Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzlərinin birləşmiş Xalq Çalğı alətləri ansamblı qonaqlara unudulmaz anlar yaşatdılar.

Sonda çıxış edən BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva festival qaliblərini və tədbirin qonaqlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.