16.03.2016

Novruz gəlir, yaz gəlir

Bu gün 268 №-li xüsusi təhsil məktəbində əsrlərdən bəri süzülüb gələn, xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Nərgiz Səfərova, idarənin əməkdaşları, o cümlədən məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan xüsusi təhsil məktəbinin direktoru Seyfəddin Mustafayev iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, tədbirdə şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərdən parçalar söyləyib, Novruz şənliklərini əks etdirən səhnəciklər göstəriblər. Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıblar.

Bayram şənliyində şagirdlərin ifasında “Halvaçı”, “Səmənilər”, “Üzümçülər” rəqsləri, Novruzun simvollarından olan Keçəl və Kosanın məzəli oyunları, Bahar qızının gəlişi, “Arşın malalan” filmindən göstərilən parçalar da tədbir iştirakçılarının marağına səbəb olub.