30.03.2016

Azərbaycan Texniki Universitetində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keçirilib

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart aylarında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilmişdir.

1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü mərhələyə həsr olunmuş seminarda Universitetin  tədris işləri üzrə prorektoru Xalıq Yahudov çıxış edərək seminar iştirakçılarını salamladı,  Azərbaycan Texniki Universiteti  haqqında məktəblilərə ətraflı məlumat verdi və bu seminarın şagirdlərə təsir edəcək müsbət tərəflərindən danışdı. Daha sonra Bakı şəhəri Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov keçirilən müsabiqə haqqında geniş məlumat verdi. Qeyd olundu ki, müsabiqənin hər mərhələsində fizika fənni üzrə ümumtəhsil müəssisələrinin proqramına uyğun olaraq 30 sualdan ibarət test, 5 məsələ və 1 praktiki iş seminarda iştirak edən şagirdlər tərəfindən yerinə yetirilmişdir.Yəni bu seminarda artıq 1 və 2-ci mərhələdən keçmiş şagirdlər iştirak edir.

Seminarda  Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiya” və “Radiotexnika və rabitə” fakültələrinin dekanları çıxış etdi və bu istedadlı şagirdləri gələcəkdə  Universitetdə  görmək istədiklərini bildirərək onlara uğurlar arzuladılar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev çıxışında bildirdi ki, seminarın Azərbaycan Texniki Universitetində  keçirilməsində əsas məqsəd məktəbliləri daha geniş auditoriya ilə tanış edərək Universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazları əyani şəkildə onlara göstərməkdir. Bu əyani təsvir şagirdlərə yeni fikir və  ideyaların üzə çıxarılmasına kömək edəcəkdir.

Sonda seminar iştirakçıları Universitetin  laboratoriyaları ilə yaxından tanış edilmişlər.

Müsabiqənin yekun mərhələsi  6 aprel 2016-cı il  tarixində  keçiriləcəkdir.


Açar sözlər: ,