01.04.2016

Təhsil müəssisələrində ekoloji mövzularda  seminarlar və “dəyirmi masa”lar keçirilir

Uşaq və gənclərdə  doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, bu sahədə problemlərin həllində  vətəndaş  fəaliyyətinin gücləndirilməsi, ətraf mühitin korlanmasına qarşı  barışmazlıq hisslərinin aşılanması, təbii sərvətlərin milli dəyər kimi  qorunub saxlanması ideyalarının  təbliği, ekoloji  maarifçilik, ekoloji təhsil  və təbiətə  humanist münasibətin    təşviqi   məqsədilə   Bakı  Şəhər Ekologiya  və Təbii Sərvətlər Departamenti tərəfindən  ümumtəhsil  məktəblərində  ekoloji mövzularda  seminarlar və “dəyirmi masa”lar keçirilir.

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən  2016-ci ilin mart ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunmuş plan-qrafik əsasında Bakı şəhəri Səbail rayonunun 7, 160, 189-190 saylı, Nəsimi rayonunun 42, 111, 159 saylı, Nərimanov rayonunun 57, 93, 291 saylı məktəblərində “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Şəhərimizi təmiz saxlayaq” mövzularında ekoloji təbliğat xarakterli seminarlar  keçirilmişdir.

Mühazirəçilər tərəfindən şagirdlərə ölkəmiz üçün aktual olan ekoloji problemlərin həlli, o cümlədən su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o sıradan təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə hərtərəfli məlumat verilmişdir. Həmçinin, son illər ərzində yaradılmış milli parklar, xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması və şəbəkəsinin genişləndirilməsi, Xəzər dənizinin mühafizəsi tədbirləri, “Bakı buxtası, Bibi-Heybət zonası, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, “Böyükşor” gölü və ətraf ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlər xüsusi vurğulanmışdır. Bundan başqa ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində beynəlxalq əməkdaşlıq, birgə həyata keçirilmiş layihə və proqramlar, inkişaf etmiş dövlətlərin bir çox istiqamətlərdə, xüsusən su ehtiyatlarının mühafizəsi və istifadəsi, yaşıllıqların qorunması və bərk məişət tullantılarının idarə olunmasında əldə etdikləri nailiyyətlər və iş metodları  haqqında da məlumatlar verilmişdir.

Diskussiya şəklində aparılan bu seminarlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və yüksək aktivlik şəraitində keçmişdir. Ətraf mühitin mühafizəsi ilə bağlı şagirdləri maraqlandıran çoxsaylı suallara  cavablar verilmiş və bu sahədə hər birimizin üzərinə düşən öhdəliklər xüsusi olaraq qeyd olunmuşdur.