06.04.2016

Müsabiqə qalibləri mükafatlandırılıb

Aprelin 5-də Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və müsabiqə qalibləri iştirak ediblər.

Mərasimdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov inşa müsabiqəsinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunması, onun inkişafı və məktəblilərə vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynadığını bildirib.

Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verildiyi qeyd olunub, gənc nəslin milli ruhda böyüməsi, adət-ənənələrimizin qorunub saxlanılması ilə bağlı aparılan məqsədyönlü işlərdən danışılıb.

 “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planının icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilib.

Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri ötən ilin oktyabr-noyabr aylarında təşkil olunub. İnşa müsabiqəsinin ölkə mərhələsində bütün bölgələr əhatə olunmaqla 101 şagird iştirak edib.

İnşa yazılar Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılıb. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü, 20 nəfər həvəsləndirici yerə layiq görülüb.

Müsabiqə qalibləri diplom, tərifnamə və hədiyyələrlə təltif ediliblər.


Açar sözlər: ,