07.04.2016

 “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi

Aprel ayının 6-sı Azərbaycan Texniki Universitetində    “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin  Bakı şəhəri üzrə  final mərhələsi  keçirildi. Azərbaycan Respublikasının Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Havar Məmmədov bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Daha sonra rektor Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyevaya müsabiqənin yekun mərhələsinin keçirilməsi üçün məhz bu universitetin seçildiyinə görə təşəkkürünü bildirdi.

Havar Məmmədov belə müsabiqələrin əhəmiyyətindən danışaraq onların ənənə halını alması təklifini irəli sürdü.

Daha sonra çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Azərbaycan Texniki Universitetin rəhbəri və kollektivinə müsabiqəsin keçirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür etdi. Müsabiqənin gedişatından danışan müdir sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, buna görə də istedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasının vacibliyini qeyd etdi.  Bu sahədə yerli mütəxəssislərin məhz bu Universitetdə yetişdirildiyini deyən Məhəbbət xanım final mərhələsinin keçirilməsi üçün buranın təsadüfi seçilmədiyini bildirdi.

Qeyd edək ki, adıçəkilən müsabiqə Bakı şəhər məktəblilərinin  fizika  fənninə  olan marağının  daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin  yüksəldilməsi və istedadlı  şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin   13 yanvar  2016-cı il tarixli  12 nömrəli əmri  ilə elan edilmişdir.

Bakı şəhəri ümumtəhsil  məktəblərinin  VIII-X sinif  şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən  birinci mərhələsi  22 yanvar-12 fevral 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 15 fevral-05 mart 2016-cı il tarixlərində keçirilmişdir.

Müsabiqənin əsasnaməsinə əsasən  tərkibi  3 nəfərdən ibarət olan  komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin proqramlarına uyğun  olaraq   fizika fənni üzrə 30 sualdan  ibarət  testi, 5 məsələni  və  1 praktiki işi yerinə  yetirmişlər. Qaliblər  ekspert qrupu tərəfindən 5 bal sistemi  ilə müəyyənləşdirilmiş,  çox bal toplayan   komandalar qalib hesab olunmuşdur.

Tədbirdə final mərhələsində iştirak edən  24 komandanın tərkibində olan (5, 24, 26, 38, 45, 70, 72, 83, 106, 129, 144, 158, 160, 186, 189-190, 240, 243, 261, 270, 271, 275, 291, 302, 322  nömrəli məktəblərin komandaları) ümumilikdə 72 şagirdə  Azərbaycan Texniki Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Daha sonra ATU-nun Kompüter Mərkəzində müsabiqənin yekun mərhələsi başladı. Nəticələrə əsasən Sabunçu rayonu 72 nömrəli məktəb-lisey 38 balla I, Nizami rayonu 129 nömrəli tam orta məktəb 37 balla II,  Nizami rayonu 70 nömrəli tam orta məktəb 36 balla III yerin sahibi oldular. 

5 nömrəli tam orta məktəb 35 balla I dərəcəli diplomla, 271 nömrəli tam orta məktəb 35 balla II dərəcəli diplomla, 291 nömrəli Ekologiya liseyi  29 balla III dərəcəli diplomla təltif edildilər.  270, 189-190, 38 və 24  nömrəli tam orta məktəblər isə xüsusi diplomlara layiq görüldülər.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom  və hədiyyələrlə mükafatlandırıldılar.     


Açar sözlər: ,  ,  ,