12.04.2016

“Qarabağı unutma - hadisələr şahidlərin gözü ilə” adlı silsilə tədbirlər keçirilib

10 mart-13 aprel tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Yayım” Assosiasiyasının  təşkilatçılığı ilə Bakı şəhərindəki 1, 21, 27, 45, 53, 145, 147, 212, 229, 238 nömrəli tam orta məktəblərin 9-11-ci sinif şagirdləri ilə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir. 

“Qarabağı unutma- hadisələr şahidlərin gözü ilə” adlı tədbirlər gənclər tərəfindən maraqla qarşılanmışdır.

            Görüşlərin əsas məqsədi gənclərimizin Azərbaycanın işğal altında olan sərvətləri, qəhrəman şəhidləri, igid Qarabağ döyüşçüləri haqqında doğru məlumatı o odlu-alovlu günləri yaşamış veteranların dilindən dinlətmələri olmuşdur.

Qeyd edək ki, “Qarabağı unutma-hadisələr şahidlərin gözü ilə” başlığı altında keçirilən görüşlərdə Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Nizami rayonu Ağsaqqallar Şurasının sədri Mail Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri  Məhi Mehdiyev, Qarabağ müharibəsi əlilləri,  veteranlar, şəhid ailələri, məktəb kollektivləri və şagirdlər iştirak etmişlər.

Tədbirlərdə gənclər qarşısında çıxış edən qonaqlar onlara Qarabağ müharibəsinin tarixi, müharibənin başlama səbəbləri, erməni vandalizmi, Azərbaycanın qeyrətli şəhid oğulları və onlarla birlikdə çiyin-çiyinə vuruşan  qeyrətli xanımları haqqında məlumat verərək gəncləri qəhrəmanların davamçıları olmağa səsləmişlər. 

Tədbirlərdə iştirak edən veteranlar da gənclər qarşısında çıxış etmiş, iştirak etdikləri döyüşlərdən, vətən uğrunda canlarını fəda etmiş igid Azərbaycan oğlanlarından söhbət açaraq, sabahın əskəri olacaq gənclərə öz tövsiyələrini vermişlər. Onlar ermənilərin vətənimizə qarşı yürütdüyü növbəti məkrli siyasətindən bəhs edərək gənclərimizi unutqan olmamağa çağırmışlar.

Görüşlərdə məktəblilər Qarabağla və qəhrəmanlarla bağlı şeirlər söyləmiş, vətənpərvər mahnılar ifa etmiş və tədbirlərin mövzusu ilə bağlı kiçik kompozisiyalar nümayiş etdirmişlər.