14.04.2016

AMEA alimi şagirdlərə dərs deyib

Aprelin 13-də Bakı şəhəri 110 nömrəli tam orta məktəbin X sinfində AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov “Azərbaycan dilinin düzgün danışıq qaydaları” mövzusunda dərs deyib.

N.Cəfərov “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətindən danışıb, belə layihələri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün atılan addım kimi qiymətləndirib.

Azərbaycan dilinin danışıq qaydaları haqqında geniş məlumat verən N.Cəfərov sözləri düzgün tələffüz etməyin yolları, nitq mədəniyyəti və nitq normaları barədə danışıb.

Dilimizin orijinallığının qorunub saxlanılması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətinin əsas prinsipi olduğunu söyləyən akademik milli ideoloji prinsiplərin mühafizəsinin vacibliyindən danışıb.

Azərbaycan dilinin özünəməxsus kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları olduğunu diqqətə çatdıran N.Cəfərov bildirib ki, həmin normalara riayət etmək, onların tələblərini şifahi və yazılı nitqdə gözləmək hər bir vətəndaşın mənəvi borcudur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun müddəalarından danışan N.Cəfərov dil normalarının pozulmasının, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulması kimi hesab edib və buna əməl etməyənlərin yalnız ictimai rəy qarşısında deyil, həm də qanunvericilik qarşısında məsuliyyət daşıdığını bildirib.

N.Cəfərov qeyd edib ki, ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Bununla yanaşı, dilimizin qrammatikasının yenidən işlənməsinə zərurət var.

Daha sonra məktəbliləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, alimlərin ümumi təhsil müəssisələrində dərs tədris etməsi təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir.


Açar sözlər: