18.04.2016

Qızlar arasında voleybol yarışı başa çatdı

13 aprel 2016-cı il tarixində 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan voleybol (qızlar arasında) idman növü üzrə yarışın final oyunları keçirilib.               

Yarışda 11 rayon komandası tərkibində 132 nəfər iştirak edib. Yarışın nəticəsinə görə, 138 nömrəli tam orta məktəbin komandası I, 236 nömrəli tam orta məktəbin komandası II, 180 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.

Yarışda I, II və III yerləri tutan komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, XXVIII spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar) və voleybol (qızlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 11 xalla I, Sabunçu rayonu 17 xalla II, Yasamal rayonu 20 xalla III, Nəsimi rayonu 21 xalla IV, Qaradağ rayonu 22 xalla V, Nərimanov rayonu 24 xalla VI, Suraxanı rayonu 27 xalla VII, Nizami rayonu  28 xalla VIII, Səbail rayonu 31 xalla IX, Binəqədi rayonu 34 xalla X, Xəzər rayonu 48 xalla XI yerləri tutur.