01.01.1970

 “Təbiət möcüzələr xəzinəsidir” mövzusunda sərgi-müsabiqə keçirilib

Bakı şəhəri 227  nömrəli tam orta məktəbdə  “Təbiət möcüzələr xəzinəsidir”  mövzusunda  sərgi-müsabiqə keçirilmişdir.

Tədbirin keçirilməsində  məqsəd  şagirdlərə təbiəti daha yaxından tanıtmaq, onlara təbiətin bir hissəsi olduqlarını xatırlatmaq, ulu tanrının yaratdığı ana təbiətin əmanət olduğunu dərk edib qoruyaraq gələcək nəsillərə ötürmək, təbiəti sevmək, bu zəngin təbiətli vətənimizdə yaşamağı sevmək hisslərini aşılamaq və istedadlı şagirdlərin yaradıcıllıq qabiliyyətlərini üzə çıxarmaqdır. Tədbirin birinci hissəsində video materiallar nümayiş olundu.

Məktəbin şagirdləri tərəfindən  Müslüm Maqomayevin “Azərbaycan”mahnısının müşayiəti ilə “Azərbaycanın gözəl təbiəti”, “Göygöl qoruğunun mənzərəli təbiəti, heyvanlar aləmi”, "Ağ öksə otu", ölməz şairimiz Səməd Vurğunun “Muğana ceyran” şeiri fonunda təqdimatları  qonaqların böyük marağına səbəb oldu.

Təqdimatlar bitdikdən sonra tədbir iştirakçıları əl işlərinin nümayişinə dəvət edildilər. Şagirdlər öz işləri və onların hazırlanması zamanı  istifadə etdikləri materiallar haqqında maraqlı məlumatlar verdilər.

Nümayiş üçün qonaqlar “canlılar aləminə” dəvət edildilər. Bura 2 hissədən ibarət idi.

Flora guşəsində şagirdlər kiçik botanik bağça yaratmışdılar. Bir hissədə həyətdə becərilə biləcək qarğa soğanı, zanbağın növləri, nərgiz gülləri, payız gülləri, digər hissə də dibçəkdə becərilən iki növ - dekorativ və dərman bitkiləri haqqında maraqlı təqdimatlar oldu. Dibçəkdə yetişdirilən bütün dərman bitkiləri üçün şagirdlər tərəfindən çox gözəl tərtibatl açıqcalar hazırlanaraq bitkilərin üzərindən asılmışdı.  Bu guşədə ən çox diqqət çəkən işlərdən biri 7a sinif şagirdi Əsgərova Fidanın şüşə qabda suda yetişdirdiyi qarğıdalı, noxud və lobya toxumları idi.

Fauna guşəsində isə şagirdlərimiz kiçik zoopark yaratmışdılar. Hər bir şagird saxladıqları və tədbirə təqdim etdikləri heyvanların xasiyyəti, onlara qulluq qaydası, sevdikləri və sevmədikləri şeylərdən və hətta öz xasiyyətləri ilə onların oxşar cəhətlərindən həvəslə danışdılar.

Rəsm işlərindən ibarət bölmədə iki böyük stend 8a sinif şagirdi Atakişiyev Qurbanın  və 5a sinif şagirdi Qasımzadə Şükürün yaradıcılığına həsr edilmişdi.

Məktəbin texnologiya müəllimi Məmmədova Mehribanın əl işləri, 8b sinif şagirdlərinin şüşə üzərində qaş və biserlərlə hazırladığı Azərbaycan xəritəsi diqqətə layiq idi.

Münsiflər heyətinin ən gözəl işləri qiymətləndirməsinə vaxt ayırmaq məqsədi ilə qonaqlar 8d sinif şagirdiləri Hümbətli Nazilə və Əbdülhüseyinova Xədicə tərəfindən hazırlanmış krossvordu yerinə yetirmək üçün dəvət edildilər.

Yekunda məktəbin direktoru Nazilə Əliyeva tədbirdə iştirak edən bütün müəllim və şagird kollektivinə, gələn qonaqlara təşəkkürünü bildirdi, fərqlənən şagirdlər Fəxri Fərmanla təltif edildi.


Açar sözlər: ,