22.04.2016

“Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin VIII - X sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədəki bilik səviyyəsinin  yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Hazırda Bakı şəhərinin rayonları üzrə II mərhələ  keçirilir. Müsabiqənin əsasnaməsinə əsasən, tərkibi 3 nəfərdən ibarət olan  komandalar  2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət  testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirirlər. Qaliblər ekspert qrupu tərəfindən 5 bal sistemi ilə müəyyənləşdirilir,  çox bal toplayan komanda qalib hesab olunur.

Artıq Binəqədi, Nizami, Xətai, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xəzər, Pirallahı rayonlarında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin 2 mərhələsi keçirilib və hər  rayondan 2 məktəb qalib olub.

Nəzərinizə çatdıraq ki, Bakı şəhəri üzrə keçiriləcək final mərhələsində ümumilikdə  24 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.


Açar sözlər: ,  ,  ,