26.04.2016

Məktəbəhazırlıq qruplarında monitorinq keçirilir

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Belə ki, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin 22 aprel 2016-cı il tarixli əmrinə əsasən, məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında monitorinq keçirilir.

Məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.

Qeyd edək ki, aprel ayının 25-dən başlayan monitorinqlər may ayının 6-dək davam edəcəkdir.