27.04.2016

Sən elə bir zirvəsən...

Bu gün 189 - 190 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümünə həsr olunmuş ədəbi – bədii kompozisiya keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, İdarənin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra ömrünün 35 ilini Azərbaycanda dövlət quruculuğuna həsr edən ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ceyran Quliyeva açaraq Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyətinə nəzər salıb. Bildirib ki, Heydər Əliyev həm Azərbaycana birinci rəhbərliyi dönəmində, həm də Moskvada, keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu zamanlarda yalnız və yalnız vətəninin rifahı üçün fəaliyyət göstərib, gələcəkdə müstəqil Azərbaycanın elmi - texniki, iqtisadi inkişafı üçün çalışıb:

“Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Ən əsası dahi liderin uzaqgörən siyasəti, əzmi, vətən məhəbbəti sayəsində Azərbaycan onu parçalamağa çalışan qüvvələrin məkrindən xilas olub, müstəqil dövlət kimi yaşaya və inkişaf edə bildi. Məhz buna görə də Heydər Əliyev haqqında danışarkən onu “Müasir və müstəqil Azərbaycanın memarı” adlandırırlar.

Direktor dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu bir daha diqqətə çatdırıb.

Ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsinin yad edildiyi tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar da nümayiş etdirilib.

Tədbirdə BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da çıxış edərək şagirdləri azərbaycanlı olmağı ilə həmişə fəxr edən Heydər Əliyev irsini daha dərindən öyrənməyə və bu irsdən bəhrələnməyə çağırıblar.

Çıxış edənlər xalqın inamını özünə qaytaran, sabitlik və əmin – amanlıq yaradan ulu öndər tərəfindən uşaqların, gənclərin yaxşı təhsil almaları, geniş dünyagörüşünə malik olmaları, ölkəmizi layiqincə təmsil etmələri üçün gözəl şərait yaradıldığını da bildiriblər.

Tədbirdə şagirdlər ulu öndərə həsr edilən şeirlər səsləndirərək Heydər Əliyev dühasını bədii dillə iştirakçılara çatdırıblar.

Tədbir Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Orxan Cəlilovun “Heydər xalqım deyəcək” mahnısını ifa etməsi ilə başa çatıb.