28.04.2016

Şərəfli ömür yolu

Səbail rayonu Riad Əhmədov adına 203 nömrəli məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93 - cü ildönümünə həsr edilmiş “Şərəfli ömür yolu” adlı tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramova, Nazim Hikmət adına kitabxananın əməkdaşları, məktəb direktorları və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açaraq akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı barədə geniş məlumat verib. Həmin gün şagirdlərin söylədikləri şeirlər, mahnılar və ifa etdikləri rəqslər ilə məktəbdə Zərifə Əliyevanın xatirəsi böyük məhəbbətlə yad edilib, onun Azərbaycan və dünya tibb elmi üçün əvəzsiz xidmətləri sadalanıb.

 “Elə insanlar var ki, onların ömür yolu minlərə, milyonlara nümunə olur. Zərifə Əliyeva da məhz insanlara bəxş etdiyi nur ilə yaşayır” - deyən şagirdlər onun ümummilli lider Heydər Əliyevin ömür - gün yoldaşı kimi bütün çətinliklərə sinə gərərək vəfalı, sədaqətli Azərbaycan qadının müqəddəs obrazını yaratdığını bildiriblər.

Tədbirdə akademik Zərifə Əliyevaya həsr edilən slaydlar da nümayiş edilib.

Tədbirin sonunda BŞTİ - nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək görkəmli oftalmoloq alim Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. İdarə müdiri çıxışında Zərifə xanımın əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür - gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.


Açar sözlər: