29.04.2016

"Azərbaycanın Rəqəmsal Qızları: Parlaq gələcək" adlı seminar keçirilib

Aprelin 28-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” Microsoft, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) İKT Komitəsi, INFOCITY, Asan İmza, Tech-Tech Xanim (WoWoman), MONT və Optic Gallery-nin təşkilatçılı ilə  "Azərbaycanın Rəqəmsal Qızları: Parlaq gələcək" adlı seminar keçirilmişdir.

ADA Universitetində baş tutan və Azərbaycanda İKT sektorunda fəaliyyət göstərən 200-dən artıq iştirakçı olan seminarda dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq diplomatik təşkilatların nümayəndələri, yerli biznes sektorunu təmsil edən və İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda İKT sektorunun qadınların işlə təmin olunmasında uzunmüddətli perspektivlər vəd etdiyinə dair məlumatlılığın artırılması, milli səviyyədə rəqəmsal iş yerlərinin yaradılmasını hədəfləyərək dövlət və özəl sektorları arasında səmərəli əməkdaşlığın dəstəklənməsi, iştirakçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi olmuşdur.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsini İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova təmsil etmişdir. Tədbirdə çıxış edən sektor müdiri qeyd edib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildikdən sonra 9000 təhsil işçisi sırf İKT savadlılığının artırılması üçün müxtəlif təlimlər keçmiş, bu sahədə peşəkar inkişaf tədbirlərində iştirak etmişdir.

"Azərbaycanın Rəqəmsal Qızları: Parlaq gələcək" adlı tədbirdə çıxış edən ADA Universitetinin Texnologiyalar və İnnovasiyalar üzrə rektor müavini Muhammadu Kah qeyd etdi ki, Azərbaycan İKT sahəsinin inkişafı üçün əhəmiyyətli addımlar atılıb və hazırda İKT sahəsində qızların əksəriyyəti təhsil alır. Eyni zamanda Muhammadu Kah çıxışı zamanı bildirib ki, Azərbaycan neft və qaz asılığından qorunmaq üçün İKT inkişafına önəm verməlidir.

Seminarda iştirakçılar dünyada və Azərbaycanda yerləşən  nüfuzlu şirkətlərin rəhbər vəzifələrdə çalışan mütəxəssislərinin uğur hekayələri ilə tanış olub, eləcə də İKT sahəsində müvəffəqiyyətə çatmağın yolları barədə məlumat əldə ediblər.