02.05.2016

Bakı şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası ilk mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın ilk mərhələsi başa çatıb. Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri iştirak edib.

Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin  formalaşmasına,  diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub.

İki mərhələdən ibarət olmaqla həyata keçirilən olimpiadanın ilk mərhələsinə şagirdlər öz məktəblərində qatılıb. Onlar məntiqi təfəkkürün bədii, mücərrəd və verbal sahələrini əhatə edən sualları cavablandırıb.

İlk mərhələnin nəticələrinə görə yüksək nəticə göstərmiş şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcək.  Olimpiada zamanı yüksək nəticə göstərən şagirdlər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,  ,