03.05.2016

Atletlərimiz beynəlxalq idman oyunlarında uğur qazandı

19 – 23 aprel 2016 – cı ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində VI ənənəvi beynəlxalq Rumi uşaq idman oyunları keçirilib. Oyunlarda Azərbaycan atletika üzrə yığma komandasının tərkibində 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər (İOEUG) Atletika Məktəbinin 10 idmançısı iştirak edib. 

Beynəlxalq yarışda yüngül və ağır atletika, velosiped idmanı, karate və taekvondo olmaqla 5 idman növündə ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparıb. Yarışlara Almaniya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Finlandiya, Gürcüstan, Xorvatiya, Şimali Kipr, Kosovo, Latviya, Makedoniya, Özbəkistan, Rumıniya, Serbiya, Slovakiya, Yunanıstan, Ukrayna, Türkiyənin  komandası olmaqla 21 ölkə qatılıb.

Gərgin keçən mübarizədən 5 nömrəli İOEUG Atletika Məktəbinin 7 idmançısı  qalib ayrılıb.

Atletlərdən Sabir Talıblı və Ramiz Məlikov 4x100 m məsafəni 44.73 san. zaman ərzində  tamamlayaraq I, Güvən Məmmədov üç təkan üzrə III, Fizuli Talıbov uzunluğa tullanmada II yerə layiq görülüblər.

Qız atletlərdən isə Yelena Pextireva 12.22 san. zaman ərzində 100 m  məsafəni qət edərək I, Lamiyə Vəliyeva 4x100m məsafəni 50.01 san. zaman ərzində tamamlayaraq  I, Ləman Hüseynova isə hündürlüyə tullanmada III yerin qalibi olublar.