Məktəblilərin ekologiya sahəsinə marağının artırılması, onların ekoloji problemlərin həllinə cəlb olunması, təbiətə qayğıkeş və humanist münasibətin formalaşdırılması, ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti haqqında ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bu sahədə şagirdlərin elmi axtarışlara sövq edilməsi, layihə və elmi - tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi və onlarla məqsədyönlü işin aparılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin 7 aprel 2016-cı il tarixli 151 nömrəli əmrinə əsasən Bakı şəhəri ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin VII - XI sinif şagirdləri arasında “Ekolab” layihə olimpiadası keçirilməkdədir.
Üç mərhələdə təşkil edilən layihə olimpiadasında məktəblilər biologiya, kimya, fizika, riyaziyyat, İKT, tibb və psixologiya, tarix və arxeologiya tədqiqat sahələri üzrə layihə hazırlayaraq işi 10 dəqiqə ərzində elektron formada təqdim edirlər.
2 nəfərdən ibarət olan komandaların qiymətləndirilməsi zamanı tədqiqatın məzmununun seçilmiş mövzuya uyğunluğu, təklif olunan ideyanın orjinallığı, təqdimatın tərtibatı, şagirdlərin təqdimetmə bacarığı nəzərə alınır.
Qaliblər 50 bal sistemi ilə müəyyənləşdirilir. Təqdimatın qiymətləndirilməsinə qoyulan meyarlara əsasən, hər meyar 10 balla qiymətləndirilir. Ən çox bal toplayan komanda qalib sayılır.
Final mərhələsində I, II və III yerlərin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaqdır.