10.05.2016

Könüllülər "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya edib

Bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllülük proqramı əsasında fəaliyyət göstərmək istəyən gənclərlə əməkdaşlığa başlayıb.

Artıq könüllülük proqramı əsasında 27 nəfər könüllü gənc İdarədə ixtisaslarına uyğun sektorlarda çalışırlar.

Mayın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən könüllülərin dünyagörüşünün artırılması, mədəni dəyərlərimizlə yaxından tanış olması məqsədilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub.

Ekskursiya zamanı könüllülərə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e. ə. III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Bildirilib ki, 5 il min əvvəl burada yaşayış olub. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabalar və yaşayış evləri var. Memarlıq abidələri isə orta əsrlərə aid edilir.

Gənclər 1,5 hektar ərazini əhatə edən muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və yarımadaya məxsus abidələrin təsvir olunmuş stendlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələrini izləyib, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evini gəzib, təsərrüfatın canlı nümunələri – qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olublar.

Xüsusi interaktiv turlar isə bu ekskursiyanı daha dinamik və maraqlı edib. İnteraktiv turda iştirak edən könüllülər nalbənd və dulusçuluq sənətinin sirləri ilə tanış olub, qədim yaşayış evində xalça toxuyublar.

Sonra gənclər qoruğun ərazisində Heydər Əliyev Fondu tərəfindən 2011-ci ildə yaradılmış 800 eksponatdan ibarət Qala Əntiq Əşyalar muzeyini ziyarət ediblər.

Daha sonra könüllülər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan Sənətə” sərgisinə gedərək burada Azərbaycandan və dünyanın digər ölkələrindən olan sənətkarların tullantı materiallardan istifadə edərək hazırladığı 100-dək sənət əsəri tanış olub.

            Son olaraq qoruq ərazisində yerləşən məscid, hamam və etnoqrafik həyətlə tanış olan gənclər buradan xoş təəssüratla ayrılıblar.


Açar sözlər: