12.05.2016

Ulu öndər  Heydər Əliyevin  93-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilib

Ulu Öndər Heydər Əliyevin  93-cü ildönümü münasibətilə təhsil müəssisələrində  silsilə  tədbirlər  təşkil olunub. Tədbirlərdə şagirdlərə  ümummilli  Lider  Heydər Əliyevin  həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti barədə geniş məlumat verilib, müasir  Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edilib.    

Bildirilib ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib.

Tədbirlərdə “Heydər Əliyev və azərbaycançılıq idealogiyası”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyev - multikulturalizmin hüquqi və siyasi banisi”,   “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda məruzələr dinlənilmişdir.

Çıxışlardan sonra şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söyləmiş və  Heydər Əliyevin  həyatı ilə bağlı  videoçarx  izlənilmişdir.

Məktəblilər dahi liderin doğum günü ilə bağlı genişmiqyaslı iməciliklərdə də  iştirak ediblər. Məktəbin həyətində və həyətyanı ərazilərdə abadlıq, yaşıllıq işləri aparılmış, boş olan yerlərdə ağaclar əkilmiş, qurumuş ağac və gül kolları yeniləri ilə əvəz edilmiş, səkilər və ağaclar əhənglə ağardılmışdır.

Təhsil müəssisələrində  ümummilli  lider  Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil edilmiş, divar  qəzetləri hazırlanmış, müəllim və şagird kollektivinin Fəxri Xiyabana ziyarətləri təşkil edilmişdir.


Açar sözlər: ,