06.06.2016

Yol hərəkəti qaydalarını məktəblilər arasında təbliğ etmək məqsədilə maarifləndirici tədbirlər təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Yol nişanları əlifbasını birlikdə öyrənək!”, “Yol hərəkəti qaydaları və mən” devizi altında maarifləndirici tədbirlər təşkil edilmişdir. Tədbirlərdə Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin əməkdaşı polis polkovnik leytenantı Deystani İsa, Bakı şəhər DYP İdarəsinin polis polkovniki Vaqif Əsədov, polis leytenantı Vüsal Nağıyev,  Bakı şəhəri 21,31, 32, 42, 96, 126, 144, 151, 157, 283   nömrəli tam orta  məktəblərin şagirdləri və Mərkəzin  dərnək üzvləri  iştirak  etmişlər.

Tədbirlərdə şagirdlərin mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənmiş, ən yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən seçilərək  qiymətləndirilmişdir.

“Svetofor”, “Sürücü”, “Polismen”, “Yol nişanları”, “Sərnişin”, “Velosipedçilər”, “Piyadalar”, “Küçə, yol, yolayrıcı”  mövzularını əhatə edən məşğələlər interaktiv üsullarla və müasir texnologiyalarla təşkil olunmuşdur. Hər bir komanda mövzuya uyğun təqdimat hazırlamışdır.

Tədbirdə iştirak edən qonaqlar komandaların çıxışlarına münasibət bildirmiş və qiymətləndirilmişdir. Komandalara bölünmüş uşaqlar yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər göstərmiş, mövzuya uyğun suallara cavab vermişlər.

Yol hərəkəti qaydalarını məktəblilər  arasında  təbliğ etmək məqsədilə keçirilən maarifləndirici  tədbirlərdə  polis əməkdaşları şagirdlərlə təbliğat xarakterli söhbət aparmış,  diskussiya keçirmişdir. DYP əməkdaşları uşaqların suallarına cavab vermiş, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırmışdır.

Bakı şəhəri  46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin  “Yol polisinin gənc köməkçiləri” komandasının üzvləri yol qaydaları ilə bağlı nəzəri biliklərini təcrübədə də həyata keçirdilər.  “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında keçirilən aksiyada əsas  məqsəd yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, uşaq ölümlərinin sayını azaltmaq, ictimaiyyətin diqqətini bu aktual məsələyə cəlb etməkdir.  Aksiyada polis forması geyinmiş uşaqlar müxtəlif plakatlarla sürücüləri yol qaydalarına düzgün əməl etməyə çağırmış,  qayda pozan sürücülərə iradlarını bildirmişdilər. “Balaca polislər” Bakı şəhər DYP İdarəsinin polis polkovniki Vaqif Əsədovun nəzarəti ilə yolu təyin olunmamış yerdən keçən piyadaları saxlamış, məsləhətlər vermiş, “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə uyğun hərəkət etməyi tövsiyə etmişlər.

Qeyd  edilən tədbirlərdə fəal iştirak edən  uşaqlara sertifikatlar verilmiş, fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanılmışdır.