14.06.2016

 “15 iyun- Milli Qurtuluş Günü” münasibətilə  “Vətən torpağı əzizdir mənə” mövzusunda tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  təhsil müəssisələrində “15 İyun- Milli Qurtuluş Günü” münasibətilə  silsilə  tədbirlər keçirilir.  Belə tədbirlərdən biri də  159 nömrəli tam orta məktəbdə təşkil edilmişdir.

Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri nümayiş etdirilmişdir.

Daha sonra məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmiş, məktəblilər  vətənpərvərlik mövzusunda şeirlər, mahnılar  səsləndirmiş, onların ifasında  milli ruhda musiqi nömrələri  alqışlarla qarşılanmışdır.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı  Asif  Əsgərov, müavini  Gülarə Verdiyeva, Milli Məclisin Deputatı, Nəsimi rayon Yeni Azərbaycan Partiyasının sədri Məlahət İbrahimqızı, Bakı Şəhər Təhsil İdarəsinin  əməkdaşı   Böyükağa  Əhmədov, metodistlər,  Nəsimi  rayon  məktəb direktorları, Həzi Aslanov adına Zabitlər Evinin əməkdaşları  və valideynlər iştirak etmişlər.

Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  Ulu Öndər Heydər Əliyev zəkasının şah əsəri olan Azərbaycanın  bu gün dünyanın sayılıb  seçilən dövlətlərindən biri, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyi  olduğunu qeyd etdi.

Tədbirdə “15 iyun- Milli Qurtuluş Günü” ilə bağlı slayd və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.