22.06.2016

130 və 295 nömrəli məktəblərin məzunları ilə görüş keçirilib

Bu gün Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə 9 və 11-ci sinif məzunları ilə görüş keçirilmişdir.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, 130 və 295 nömrəli məktəblərin direktorları, kollektivləri, 9 və 11-ci sinfi bitirən məzunlar və onların valideynləri iştirak etmişdir.

Görüş məzunları qarşıda gələn buraxılış imtahanları barədə məlumatlandırmaq və peşə təhsili, orta ixtisas təhsili müəssisələrinə qəbul barədə maarifləndirmək məqsədi ilə keçirilmişdir.

            Məzunların məlumatlandırılması məqsədini daşıyan görüşü 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova açıq elan edərək qonaqları salamlamışdır. Məktəb direktoru Nardaran qəsəbəsinin məzunlarına göstərilən qayğını xüsusi qeyd etmiş, görüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Sonra məktəb direktoru sözü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva vermişdir.

            Məhəbbət Vəliyeva öz çıxışında məzunlarla görüşün xüsusi əhəmiyyətini vurğulamışdır. İdarə müdiri görüşdə iştirak edən valideynlərə övladlarının təhsilinə önəm verməli olduğunu və məzunların aldıqları qərarlarda valideynlərin əhəmiyyətini qeyd etmişdir. Çıxışında qızların təhsilinin vacibliyindən bəhs edən İdarə müdiri qeyd edib ki, təhsilli, savadlı ana cəmiyyətimizə, dövlətimizə lazımlı övladlar yetişdirir. Bu millətimizin gələcəyi baxımından önəmli məsələdir deyə Məhəbbət Vəliyeva vurğulamışdır.

Daha sonra söz Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə verilmişdir. O, çıxışında 130 və 295 nömrəli məktəblərin məzunlarına  buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, qəsəbə məzunlarının imtahanlarda göstədiyi nəticələr barədə məlumat vermişdir. Məleykə Abbaszadə həmçinin, çıxışında qızların təhsili barədə danışmış və bu məsələnin əhəmiyyətini, gələcəyə təsirini xüsusilə qeyd etmiş, valideynlərə bu barədə tövsiyələr vermişdir.

Çıxışlardan sonra valideyn və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.