29.06.2016

Kiçik yaşlı qızlar arasında voleybol idman növü üzrə festival keçirilib

Voleybol idman növünün təbliği, ümüdverici idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrinin inkişafı, qızlar arasında voleybolun inkişaf etdirilməsi məqsədilə 27-28 iyun tarixlərində  Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı əsasında Bakı şəhəri 15 nömrəli Uşaq - Gənclər  İdman  Məktəbinin idman zalında 2000-ci il təvəllüdlü və daha kiçik yaşlı qızlar arasında voleybol idman növü üzrə festival keçirilib.

Voleybol festivalının rəsmi açılışında Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov,  BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov,  BŞGİBİ-nin rəis müavini Rəşad Əliyev, Təhsil RİM-nin direktor müavini Çingiz Səmədov, veteran voleybolçular Nona İsmayılova və Rəmzi Yusifov və digər qonaqlar iştirak edirdilər.

Festival öncəsi 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin həyətində “İdman uşaqların gözü ilə” asfalt üzərində rəsm və plakat müsabiqəsinə  start verildi.

Sonra festivalın bədii hissəsi başladı. Bakının ümumtəhsil  məktəbləri və yaradıcılıq mərkəzlərinin yetirmələrinin ifasında qonaqlara rəqs, musiqi və şeir nümunələri təqdim olundu . Daha sonra plakat müsabiqəsi qaliblərinin hədiyyə və diplomlarla mükafatlandırılması mərasimi baş tutdu. Müsabiqədə üç ədəd 3-cü yerin (328, 269 və 114 nömrəli məktəblərin şagirdləri), iki ədəd 2-ci yerin (22 və 23 UYM-in yetirmələri) və bir ədəd 1-ci yerin (220 nömrəli məktəb-liseyin şagirdi) qalibləri müəyyənləşdirildi.

Voleybol festivalında 6 komanda yarışırdı: Xətai-I, Xətai-II, 18 nömrəli Suraxanı rayon UGİM,  2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Lokomotiv və Sumqayıt şəhər komandaları. Yarışda inamlı qələbəni Xətai-I komandası qazandı. 18 nömrəli Suraxanı rayon UGİM ikinci,  2 saylı RİOEUGİM isə üçüncü yerin sahibi oldu.

Yekun nəticələrə əsasən I, II və III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplom və kuboklarla mükafatlandırıldılar.

Sonda qalib komanda iştirakçıları arasından  “Ən yaxşı hücumçu”,  “Ən yaxşı müdafiəçi”,  “Ən yaxşı libero”  və  “Ən yaxşı top ötürən” nominasiyaları üzrə idmançılara veteran voleybolçular tərəfindən mükafatlar təqdim edildi.