30.06.2016

Silsilə  tədbirlər keçirilib

Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsi  və  “Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin  təşkilatçılığı  ilə  “Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində uşaq futbol məktəbləri ilə əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrası istiqamətində silsilə tədbirlər keçirilib.

Bakı şəhəri 5, 18, 19, 102, 111, 144, 211, 247, 266 və 292  nömrəli tam orta məktəblərdə həyata  keçirilən layihə çərçivəsində şagirdlər üçün maarifləndirmə seminarları keçirilmişdir. Hər seminarda 20 nəfər, ümumilikdə  isə 200 nəfər iştirak etmişdir.

İnteraktiv şəkildə həyata  keçirilən seminarlarda uşaq hüquqları, uşaqların zərərli vərdişlərdən çəkindirilməsi formaları, asudə vaxtın səmərəli təşkili, fərdi qiymətləndirmə, uşağın inkişafında ailənin və məktəbin rolu, özünəinam və psixoloji qiymətləndirmə, çətin vəziyyətdə qərar qəbul etmə, təhsil və futbolun qarşılıqlı əlaqəsi və vacibliyi haqqında geniş məlumatlar verilmişdir.

Uşaq futbol məktəblərinin məşqçilərinin  iştirak etdiyi seminarlarda uşaqların futbol məktəblərinə cəlb olunması prosedurları barədə məlumat verilmiş  və futbolla məşğul olmaq istəyən yeniyetmə və gənclərin siyahısı müəyyən edilərək onların yönləndirilməsinə dəstək göstərilmişdir.

Seminarların yekunu olaraq ümumtəhsil məktəblərinin komandalarının iştirakı ilə “Respublika kuboku”  futbol  çempionatı keçirilmişdir.

Çempionatın keçirilməsi uşaqların futbolla kütləvi məşğul olması, zərərli vərdişlərdən uzaq olması və yeni dostlar qazanmasına imkan yaradıb. Çempionat zamanı oyunlarda peşəkar klubların nümayəndələri  və menecerlər də iştirak edərək istedadlı uşaqları öz komandalarına dəvət ediblər. 

Turnirdə iştirak edən komandalar  arasında Bakı şəhəri  100 nömrəli tam orta  məktəbin komandası I,  19 nömrəli tam orta  məktəbin komandası II  və  111 nömrəli tam orta məktəbin komandası  III  yerə layiq görülüb. Turnirin qalibləri medal və kuboklarla təltif ediliblər. “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı yarımmüdafiəçi” və “Ən yaxşı hücumçu” mükafatlara layiq görülüb.