08.07.2016

"Gənc xilasedici" IV Beynəlxalq yarışının, "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinin yekunu

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, UNİCEF-in Bakı ofisinin dəstəyi ilə keçirilən "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulub.

Yarışın keçirilməsində əsas məqsəd  yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi,  məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

İlk olaraq gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib. Daha sonra tədbirdə çıxış edən rəsmilər keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıraraq belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Beynəlxalq yarışda birinci yeri  Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutublar.

Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri 220 nömrəli tam orta  məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüblər. Qalib komandalar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Tədbirdə yarışlar haqqında videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürənrespublika və “Gənc xilasedicibeynəlxalq yarışları Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə qərarına əsasən, 2011-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilir.