19.07.2016

“Təhsil avtobusu” adlı yay məktəbi təşkil edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən  “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu”  adlı yay məktəbi təşkil edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  84, 184 və 277 nömrəli məktəblərin şagirdlərinin də iştirak etdiyi layihədə  Lənkəran və Quba şəhərlərində 100-dən çox şagird  üçün yay məktəbləri təşkil olunub.

Hər iki rayonda keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, rayon təhsil şöbələrinin və tərəfdaş qurumların nümayəndələri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə geniş məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb.

Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri də iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. Şagirdlər həmçinin "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına da qatılıblar.  

                Sonda şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər.

Növbəti mərhələsi Gəncə və Şəkidə davam etdiriləcək layihə iyulun 21- də başa çatacaq.

"Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin  yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.