06.09.2016

“Gələcəyini qur” layihəsinin 3-cü  ili üçün seçilmiş gənclərlə görüş keçirildi

Bakı şəhəri  276 nömrəli tam orta  məktəbdə  “Gələcəyini qur” layihəsinin 3-cü  ili üçün seçilmiş gənclər və onların valideynləri ilə görüş keçirilib.

Qaliblərə layihə ilə bağlı ətraflı məlumat vermək, onları və valideynlərini layihənin işçi heyəti və layihə könüllüləri ilə tanış etmək məqsədilə təşkil edilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin  Məktəbdənkənar fəaliyyətin təşkili  sektorunun  müdiri Afiq Əzizov, layihənin işçi heyəti tərəfindən Bəhruz Hidayətzadə, Turan Cəfərova, İlqar Ağakişiyev və Hüseyn Xəlilov çıxışçı qismində iştirak etdilər. Gənclərə layihənin məqsədi, tarixi, nailiyyətləri, son 2 ilin nəticələri və bir il ərzində nəzərdə tutulan proqram haqqında məlumat verildi. Layihənin məzunlarından olan Qəsidə Rəsulzadə və Vüsal Həsənov öz təcrübələrini bölüşərək gənclərə tövsiyələr verdilər.

Tədbirdə “Gələcəyini qur” layihəsinə seçilən gənclər və valideynlərlə bərabər, layihənin çoxsaylı könüllü heyətinin nümayəndələri və layihə sponsorları da iştirak ediblər.

Layihənin seçim mərhələləri ərizə formasının doldurulması, sınaq imtahanı, müsahibə, 1 aylıq sınaq dərsi və ailəyə səfərdən ibarət olub.  2016-cı ilin fevral ayından başlayan və 6 ay ərzində davam edən 5 mərhələli seçim nəticəsində 170 məktəbdən 2800-dən çox müraciət edən şagird arasından 155 gənc layihənin iştirakçısı adını qazanıb.

1 il ərzində layihəyə seçilən gənclərin ali məktəblərə qəbul olunması intensiv hazırlığına köməklik olunacaq. Həmçinin, onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin, tədbirlərin keçirilməsi gənclərdə önəmli bilik və bacarıqların və dünyagörüşünün formalaşmasına təsir göstərəcək.

Layihə Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonları üzrə tam orta məktəbləri və Salyan məktəblərini əhatə edir.

Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində 2015-2016-cı tədris ilində İTECA Caspian, EY, Kainat TM, Caspian Event Organisers şirkətlərinin sponsorluğu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Layihənin tərəfdaşları ADA Universiteti, Azərbaycan Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı “Legacy CSR Consulting and Management” şirkətidir.