14.09.2016

Prezident İlham Əliyev Bakıdakı 12 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verildi. Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib. İndi geniş və işıqlı sinif otaqları məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılmasına imkan verir.

Beləliklə, ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox təhsil ocağı üçün yeni tədris korpusları inşa olunub. Bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edib. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama hərtərəfli dəstək göstərib. Bununla da Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bir sözlə, ölkədə nəhəng təhsil infrastrukturunun formalaşdırılması yeni təhsil modelinin tətbiqindən irəli gələn uğurlar sayəsində mümkün olub. Bu modelin nailiyyətlərini isə mükəmməl təhsil konsepsiyası təşkil edir.

 

www.president.az


Açar sözlər: ,  ,