15.09.2016

Bakı şəhərinin ümumtəhsil məktəblərində “Bilik  Günü”  qeyd  olunub

Bilik  günü ilk zəng, məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət Proqramları uğurla həyata keçirilir.

Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.        

Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir.

Beləliklə, sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlanıb.

Məlumat  üçün qeyd edək ki,  2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedib. 4 472 ümumtəhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edib.

Yeni dərs ilində Bakı şəhəri üzrə 44013 şagird I sinfə gedib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaqdır.

Yeni dərs iliniz mübarək!


Açar sözlər: ,  ,  ,  ,